آي آشيق تئز ايدي گئديش هوسي

(مرحوم آشيق على عليزاده­نين واختسيز آراميزدان گئتمه ­سي مناسبتينه)

************************

بو ايل اوروجلوق آيينين بيرينجي گونو اوستاد شهريار دئميشكن: بير خبر چاتدي منه نوح نبي قارقيشي تك، دئمه­لي ائل صنعتكاري و بير عؤمور موسيقيميز و ادبياتيميز اوغروندا چاليشان، متانتلي و غيرتلي، يورولماز صنعتكار آشيق علي عليزاده ابدي اولاراق گؤزلرين حياتا يومدو و دونياسين دگيشرك علم، موسيقي و ادبيات عالمين ياسا باتيراراق اورمو شعر و موسيقي محيطينه بير بؤيوك ايتگي اولدو.

 اورمودا آدليم بير آشيق كيمى تانيلاراق مختلف ادبى - هنرى ييغينجاقلاردا، مجلسلرده، اورمو راديو- تلويزيونوندا، اورمو آشيقلار درنه­گينده، اورمو ارشاد اسلامي اداره­لرينده، حوزه هنري تشكيلاتيندا و مختلف آشيقلار قهوه­خانالاريندا اؤز سازى و سسى‏ايله چيخيش ائدن آشيق على عليزاده 1330- جو ايل قاراداغين اهر شهرستانى‏نين ورزقان بؤلومو قاياقيشلاق كندينده دونيايا گلدى. اونون آتاسى ائوى آشيقلار ييغينجاغى‏ايدى، بونا گؤره‏ده او كيچيك ياشلاريندان ساز و سؤز ايله تانيش اولدو.

 على عليزاده سونرالار ساز صنعتين آشيق مشى پاشايى و آشيق ولى عبدى‏دن‏ اؤيره‏نرك‏ اؤز چاليشيقلارى نتيجه‏سينده اؤيره‏نديك‏لرين بوتؤولتدى.

علي عليزاده وورغونلوق اوزوندن آشيقليق صنعتينه اوز گتيرن بير آشيق اولموشدور و اؤز دئديگينه گؤره كندلرينده كئچينه­جگي پيس دگيلميش و كندلرينده ميني­بوس ايشله­ديب و گذرانين كئچيريرميش، آنجاق سازا و سؤزه اولان علاقه­سي اونو آشيقليق عالمينه داخل ائدير و آشيق علي ميني­بوسو ساتاراق آشيقليق ائدير.

 آشيق على قيشلاقلى 1369- دا اورمويا كؤچدو و بو شهرين مختلف ييغينجاقلاريندا و شعر و ادب انجمن‏لرينده چيخيش ائتدي و بو شهرده آشيقلار آراسيندا و ائل ايچينده مخصوص حؤرمت قازاندي. منيم اؤزومون ده آشيق ايله تانيشليغيم همين ايللرده و اورمونون شعر و ادبيات درنه­گينده اولموشدور. سونرالار آراميزداكي علاقه آرتيب و عايله­وي گئت- گل ايله تكميل­لشميشدير. هر مناسبتده خصوصيله بايراملاردا و ايل بايراميندا بيرينجي گئتديگيم ائولردن آشيق علي­نين ائوي اولوب و اونونلا بايراملاشماغي اؤزومه بورج بيلرديم.

آشيق علي تبريز و قاراداغ آشيق مكتبينين اورمودا بيرينجي ياييجيسي اولدو و اوندان سونرا آشيق قوربان و باشقا آشيقلار بو ايشي دوام ائتديرديلر و دئمك اولار اورمو- تبريز آشيق موسيقي­سينين آراسيندا بيرينجي كؤرپونو آشيق علي ووردو و بو يولدا چوخلو شاگردلر تربيت ائديب موسيقي عالمينه زنگينليك باغيشلادي.

مرحوم آشيق علي اؤزونه مخصوص سبك و اوسلوبو وار ايدي و بو اوسلوب ايله باشقا آشيقلاردان سئچيليردي و ائله بونا گؤره ده دفعه­لرله راديو- تلويزيونون استاني موسيقيلرينين فستيوالينا قاتيلاراق بيرينجي­ليك الده ائديب ياخود مقام گتيريب و اورمو راديو- تلويزيونونا شرف پايلاميشدي.

علي عليزاده بير مدّت توركمن­لرين ده آراسيندا ياشاميشدي و ائله بو اوزدن توركمنجه­ني ده ياخشي بيليردي.

آشيق عليزاده هم ده شاعردير و اونون مختلف آشيق شعري قالبلرينده شعرلري موجوددور. شعرلرينده «علي قيشلاقلي» تخلص ائدير. اومود ائديريك اونون شعرلرين توپلاييب چاپا وئره بيله­ك. مرحوم آشيقدان نئچه داستان دا قاليبدير.

علي قيشلاقلي ائلين قئيدينه قالان و ائلين شاد گونونده شاد و غملي گونونده غملي اولان بير آشيق­ايدي. او دفعه­لرله اؤز ائوينده آشيقلار مجلسي قوروب و آشيقلاري بير يئره توپلاميشدي. بو مراسملردن بيري رحمتليك آشيق كاماندارين ياس تؤره­ني ايدي. بلكه ده بوتاي آذربايجاندا آشيق كاماندارا قورولان بيرينجيك ياس مجلسي ائله همين مجلس اولدو.

آشيق علي عليزاده سون اولاراق دوغما يوردو قاراداغدا سفرده اولدو و  قوهوم – قارداشلاري­ايله گؤروشدو. بير هفته­ليك بو سفردن قاييداندان نئچه ساعت سونرا 11/5/1390 تاريخينده ساغ – سلامت اولاراق ناگهاندان اوره­گي داياندي و ابدي اولاراق اؤز هوسكارلاريندان آيريلدي.

مرحوم آشيغين حيات يولداشي، اوچ اوغلو و ايكي قيزي قالير. بونلاردان بؤيوك اوغلو آشيق غلامرضا عليزاده اونون لياقتلي دوامچيسي و شرفلي صنعت وارثي ساييلير.

آشيق علي عليزاده­نين جنازه تؤره­ني 12/5/1390 تاريخينده قورولدو و بير چوخ ساييدا ادبيات و موسيقي هوسكارلاري و اورمونون بير سيرا ادبي - هنري مسؤوللاري آراسيندا بؤيوك بير اوزونتو ايله تورپاغا تاپشيريلدي. اونون مسجدينده ده مثلي گؤرونمه­ين اشتراكچي بولوندو و ائل اونو لايقينجه عزيزله­دي و چوخ اوزونتو ايله اؤز بالاسيندان ابدي آيريلدي.

تانري تعالا اونا رحمت ائله­سين، مزاري نورلا دولسون.

************************

مرحوم آشيق علي عليزاده­دن ايكي شعر:

    داغلار

 نه ائديم كى ياراليام

آهيم چيخيب گؤيه داغلار

 يوخوش اولوب دولايى‏لار

قوجالميشام به‏يه داغلار؟

 

 سنين سينه‏ن چيچكلى ياز

منيم سينه‏مده دردلى ساز

 او چيچكدن گؤندر بير آز

بو درديمه ده‏يه داغلار

 

 "قيشلاقلى" يام درده دوشدوم

اتگيندن خسته كئچديم

 سير سؤزومو سنه آچديم

سنى محرم دئيه داغلار.

 

 بابك

 گزيب دولانيرام آذربايجانى

  ديل‏لرده ازبردير سؤزو بابكين

  ايگيت‏ليكدن، قوچاقليقدان، مردليكدن

  آل - قيرميزى اولدو اوزو بابكين

 

 دوشمنه باخاندا باغرين سؤكوردو

 خاينى، يالتاغى بيچيب تؤكوردو

 ظلم ائدن ظالمين بئلين بوكوردو

 دوشمنى اگيردى دوزو بابكين

 

 باشينى اگمه‏دى هئچ ظلم‏كارا

 دئدى باش اگمرم چكسه‏لر دارا

دوغرانان جسميمى آتين اودلارا

 ياغى‏نى يانديرار كؤزو بابكين

 

 اى "قيشلاقلى" ارلر آدى قالاسى

  اولار دؤيوش‏لرده ايگيد بالاسى

  كليبرده نشان قالير قالاسى

 گرك‏دير كى قالسين ايزى بابكين

 

****************

مرحوم آشيق علي­نين وفاتيندا يازديغيم بير قوشما:

كؤچدو بير صنعتكار، گئتدي بير آشيق

نيسگيلي سازينين تئلينده قالدي

هر ماهنيسي اولان ائله ياراشيق

ان گؤزل ماهنيسي ديلينده قالدي

 

ائللرين ايچينده ماهنيسي بيتدي

آخرت دئيه­رك سون سفر ائتدي

اللرين اوستونده مزارا گئتدي

ائلي گؤز ياشينين سئلينده قالدي

 

آي آشيق، تئز ايدي گئديش هوسي

قولاقلارا دولدو سازين ناله­سي

ائشيتمز اولدوق او غيرتلي سسي

سسينين حسرتي ائلينده قالدي.

اورمو- بهرام اسدي.

14/5/1390

 

 

 

 

Ay aşıq tez idi gediş həvəsi

(Rəhmətli Aşıq Əli Əlizadənin vaxtsız aramızdan getəməsi münasibətinə)

*******************

Bu il Orucluq ayının birinci günü ustad Şəhryar demişkən: Bir xəbər çatdı mənə Nuh-i nəbi qarqışı tək, deməli el sənətkarı və bir ömür musiqimiz və ədəbiyyatımız uğrunda çalışan, mətanətlı və qeyrətli, yorulmaz sənətkar aşıq Əli Əlizadə əbədi olaraq gözlərin həyata yumdu və dünyasın dəyişərək elm, musiqi və ədəbiyyat aləmin yasa batıraraq Urmu şer və musiqi mühitinə bir böyük itgi oldu.

Urmuda adlım bir aşıq kimi tanılaraq müxtəlif ədəbi - hünəri yığıncaqlarda, məclislərdə, Urmu radyo- televizyonunda, Urmu aşıqlar dərnəyində, Urmu irşad islami(maarif) idarələrində, hövze-yi hünəri təşkilatında və müxtəlif aşıqlar qəhvəxanalarında öz sazı və səsi ilə çıxış edən aşıq Əli Əlizadə 1951- ci il Qaradağın Əhər şəhrinin Vərzqan bölümü Qayaqışlaq kəndində dünyaya gəldi. Onun atası evi aşıqlar yığıncağı idi, buna görə də o kiçik yaşlarından saz və söz ilə tanış oldu.

Əli Əlizadə sonralar saz sənətin aşıq Məşi Paşayı və aşıq Vəli Əbdidən öyrənərək öz çalışıqları nəticəsində öyrəndiklərin bütövlətdi.

Əli Əlizadə vurğunluq üzündən aşıqlıq sənətinə üz gətirən bir aşıq olmuşdur və öz dediyinə görə kəndlərində keçinəcəyi pis deyilmiş və kəndlərində minibus işlədib və güzəranın keçirirmiş, ancaq saza və sözə olan əlaqəsi onu aşıqlıq aləminə daxil edir və aşıq Əli minbusu sataraq aşıqlıq edir.

Aşıq Əli qışlaqlı 1990- da Urmuya köçdü və bu şəhərin müxtəlif yığıncaqlarında və şer və ədəb dərnəklərində çıxış etdi və bu şəhərdə aşıqlar arasında və el içındə məxsus hörmət qazandı. Mənim özümün də aşıq ilə tanışlığım həmin illərdə və Urmunun şer və ədəbiyyat dərnəyində olmuşdur. Sonralar aramızdakı əlaqə artıb və ayiləvi get- gəl ilə təkəmilləşmişdir. Hər münasibətdə xüsusilə bayramlarda və il bayramında birinci getdiyim evlərdən aşıq Əlinin evi olub və onunla bayramlaşmağı özümə borc bilərdim.

Aşıq Əli Təbriz və Qaradağ aşıq məktəbinin Urmuda birinci yayıcısı oldu və ondan sonra aşıq Qurban və başqa aşıqlar bu işi davam etdirdilər və demək olar Urmu-Təbriz aşıq musiqisinin arasında birinci körpünü aşıq Əli vurdu və bu yolda çoxlu şagirdlər tərbit edib musiqi aləminə zənginlik bağışladı.

Mərhum aşıq Əli özünə məxsüs səbk və üslubu var idi və bu üslub ilə başqa aşıqlardan seçilirdi və elə buna görə də dəfələrlə İran radyo- televizyonlarının musiqi festivallarına qatılaraq birincilik əldə edib yaxud məqam gətirib və Urmu radyo- telviziyonuna şərəf paylamışdı.

Aşıq Əlizadə həm də şairdir və onun müxtəlif aşıq şeri qaliblərində şerləri mövcuddur. Şerlərində «Əli qışlaqlı» təxəls edir. Umud edirik onun şerlərin toplayıb çapa verə bilək. Mərhum aşıqdan neçə dastan da qalıbdır.

Əli qışlaqlı elin qeydinə qalan və elin şad günündə şad və qəmli günündə qəmli olan bir aşıq idi. O dəfələrlə öz evində aşıqlar məclisi qurub və aşıqları bir yerə toplamışdı. Bu tədbirlərdən biri rəhmətlik aşıq Kamandarın yas törəni idi. Bəlkə də Güney Azərbaycanda aşıq Kamandara qurulan birincik yas məclisi elə həmin məclis oldu.

Aşıq Əli Əlizadə son olaraq doğma yurdu Qaradağda səfərdə oldu və  qohum-qardaşları ilə görüşdü. Bir həftəlik bu səfərdən qayıdandan neçə saat sonra 2/Avqust/2011 tarixində sağ-salamat olaraq nagəhandan ürəyi dayandı və əbədi olaraq öz həvəskarlarından ayrıldı.

Mərhum aşığın həyat yoldaşı, üç oğlu və iki qızı qalır. Bunlardan böyük oğlu aşıq Qulamrza Əlizadə onun ləyaqətli davamçısı və şərəfli sənət varisi sayılır.

Aşıq Əli Əlizadənin cənazə törəni 3/ Avqust /2011 tarixində quruldu və bir çox sayıda ədəbiyyat və musiqi həvəskarları və Urmunun bir sıra ədəbi-hünəri məsulları arasında böyük bir üzüntü ilə torpağa tapşırıldı. Onun məscidində də misli görünməyən iştirakçı izdihamı göründü və el onu layiqincə əzizələdi və çox üzüntü ilə öz balasından əbədi ayrıldı.

Tanrı təala ona rəhmət eləsin və yolu davamlı olsun.

  ********************

Mərhum aşıq Əli Əlizadədən ikı şer:

Dağlar

Nə edim ki yaralıyam

Ahım çıxıb göyə dağlar

Yoxuş olub dolayılar

Qocalmışam bəyə dağlar?

 

Sənin sinən çiçəkli yaz

Mənim sinəmdə dərdli saz

O çiçəkdən göndər bir az

Bu dərdimə dəyə dağlar

 

"Qışlaqlı"yam dərdə düşdüm

Ətəyindən xəstə keçdim

Sır sözümü sənə açdım

Səni məhrəm deyə dağlar.

 

Babək

Gəzib dolanıram Azərbaycanı

Dillərdə əzbərdir sözü Babəkin

İgitlikdən, qoçaqlıqdan, mərdlikdən

Al - qırmızı oldu üzü Babəkin

 

Düşmənə baxanda bağrın sökürdü

Xayini, yaltağı biçib tökürdü

Zülm edən zalimin belin bükürdü

Düşməni əyirdi düzü Babəkin

 

Başını əymədi heç zulumkara

Dedi baş əymərəm çəksələr dara

Doğranan cismimi atın odlara

Yağını yandırar közü Babəkin

 

Ey "Qışlaqlı" ərlər adı qalası

Olar döyüşlərdə igid balası

Kəleybərdə nişan qalır qalası

Gərəkdir ki qalsın izi Babəkin.

  *********************

  Mərhum aşıq Əlinin vəfatında yazdığım bir qoşma:

Köçdü bir sənətkar, getdi bir aşıq

Nisgili sazının telində qaldı

Hər mahnısı olan elə yaraşıq

Ən gözəl mahnısı dilində qaldı

 

Ellərin içində mahnısı bitdi

Axirət deyərək son səfər etdi

Əllərin üstündə məzara getdi

Eli göz yaşının selində qaldı

 

Ay aşıq, tez idi gediş həvəsi

Qulaqlara gəldi sazın naləsi

Eşitməz olduq o qeyrətli səsi

Səsinin həsrəti elində qaldı.

Urmu- Bəhram Əsədi.

5/Avqust/2011